Your browser version is outdated. We recommend that you update your browser to the latest version.

BİR BİTKİ YETİŞİR

 

Yer üzündəki ekoloji tarazlığın və həyatın davamında olduqca əhəmiyyətli bir rola sahib olan bitkilər bu əhəmiyyətlə düz mütənasib olaraq digər canlılara nisbətən daha çox aktiv çoxalma sistemlərinə sahibdirlər. Bu sayədə heç bir çətinlik çəkmədən çoxalarlar. Bitkilərin çoxalması üçün bəzən bir bitkinin gövdəsinin kəsilərək torpağa basdırılması, bəzən də bir böcəyin bir çiçəyə qonması kifayət edər.

Bitkilərin çoxalmasının iş baxımından olduqca sadə görünməsinə baxmayaraq, məzmun etibarilə olduqca mürəkkəb olması elm adamlarını heyrətə salan bir amildir.

 

Ana bitkidən ayrılmaqla başlayan yeni bir həyat

Bəzi bitkilər cinsiyyət fərqi olmadan, tək bir cinsin müəyyən yollarla çoxalmasıyla nəsillərini davam etdirə bilərlər. Bu cür reallaşan çoxalma prosesi qeyri-cinsi çoxalma prosesi adlandırılır. Bu cür bir çoxalma prosesindən sonra yaranan yeni nəsil özünü meydana gətirən nəslin tamamilə eynisi olar. Bitkilərdəki ən yaxşı bilinən qeyri-cinsi çoxalma formalarıtumurcuqlanma və bölünmədir.

Bəzi xüsusi fermentlərin köməyi ilə reallaşan bu çoxalma forması (tumurcuqlanma və ya bölünmə) bir çox bitkidə müşahidə oluna bilər. Məsələn, çayırlar və çiyələklər "sürünən" deyilən üfüqi istiqamətdəki çıxıntıları vasitəsilə çoxalarlar. Kartof isə torpağın altında yetişən bir bitki olaraq, bu qisimlərdə açılan yeni xüsusi yerlərdən (kök yumrularında əmələ gələn tumurcuqlardan) tumurcuqlanaraq çoxalar. (2)

Bəzi bitki növlərində isə, yarpaqlarından bir hissəsinin torpağa düşməsi, yeni bir bitkinin yetişməsi üçün kifayətdir. Məsələn, bryophyllum daigremontianum adlı bitkinin çoxalması yarpaqlarının ucunda meydana gələn tumurcuqlar sayəsində reallaşar. Bu tumurcuqlar yerə düşən kimi, müstəqil bir yeni bitki halına gələrək böyüməyə başlayar. (3)

Beqoniya kimi bəzi bitkilərdə də qopan yarpaqlar yaş quma düşdüyü təqdirdə, bir müddət sonra kiçik yarpaqcıqların meydana gəldiyi müşahidə olunacaq. Məhz bu yarpaqcıqlar da yenə çox qısa bir müddətdən sonra ana bitkinin bənzəri olan yeni bir bitkini meydana gətirməyə başlayar. (4)

Bu nümunələri də nəzərə alaraq; bir bitkinin zoğ verərək ya da tumurcuqlanaraq böyüməsi üçün başlıca olaraq nə lazımdır? Düşünək! Bitkilərin genetik quruluşuna baxıldığında bu sualın cavabı asanlıqla veriləcəkdir.

Bitkilərin də digər canlılarda olduğu kimi, bütün struktur xüsusiyyətləri hüceyrələrindəki DNT-lərində kodlaşdırılaraq saxlanılmışdır. Yəni hər bir bitkinin necə çoxalacağı, necə nəfəs alacağı, qidasını necə təmin edəcəyi, rəngi, qoxusu, dadı, tərkibindəki şəkərin miqdarı, çoxalma forması və bunun kimi bir çox məlumat o bitkinin istisnasız bütün hüceyrələrində mövcuddur. Bitkinin köklərindəki hüceyrələr yarpaqların fotosintez prosesini necə reallaşdıracağını ya da yarpaqlardakı hüceyrələr köklərin torpaqdan suyu necə çəkəcəyini bilirlər. Bir sözlə, bitkidən ayrılan hər hissədə, bütöv bir bitkini meydana gətirə biləcək şəkildə bir şifrələnmə və nizam mövcuddur. Ana bitkinin bütün xüsusiyyətləri, yəni genetik baxımdan bitkiylə əlaqədar bütün məlumatlar, bitkidən qopan bu kiçik hissənin hər bir hüceyrəsində də əskiksiz surətdə mövcuddur. (5)

Bu yolla çoxalan bitkilərin hər bir hissəsində eyni genetik məlumatın olması olduqca əhəmiyyətlidir, hətta bu zəruridir. Çünki bitkinin çoxalması yalnız bu sistemin işləməsindən asılıdır. Düşən hissədə bitkidəki genetik məlumatların hamısı olmasa, eyni xüsusiyyətlərə sahib bir bitki yarana bilməz. Bunu bir nümunə ilə izah edək. Genetik məlumatlarda əskiklik olsa; məsələn, bir çiyələyin rəngi, ya da tərkibindəki şəkərin miqdarı, qoxusu ilə əlaqədar genetik məlumat yeni düşən hissədə olmasa çiyələk, çiyələk ola bilməzdi. Bəs onda bitkinin hər bir hissəsinə, bitkinin hər bir hissəsini meydana gətirən məlumatlar əskiksiz şəkildə hansı yolla və kim tərəfindən yerləşdirilmişdir?

Bir bitkidəki bütün məlumatların əskiksiz bir şəkildə bütün hüceyrələrdə eyni olması ehtimal hesablamaları ilə, təsadüflərin köməyi ilə əldə edilə bilməz. Bu prosesi həyata keçirən, bitkinin özü və ya torpaqdakı minerallar, ya da başqa xarici faktorlar da ola bilməz. Çünki bunların hamısı bitkini meydana gətirən sistemin bir hissəsidir. Necə ki, bir fabrikdəki bütün robotlara eyni istehsal məlumatını verən bir mühəndis var və kompyuterlərin bu məlumatları tək başına əldə etmələri mümkün deyil, eyni şəkildə bitkilərdəki sistemin hər bir hissəsinin belə bir məlumatı öz-özünə əldə etməsi də mümkün deyil.

Yer üzündəki bütün canlılarda olduğu kimi, bitkilərin hüceyrələrinə də lazımi məlumatları yerləşdirən, şübhəsiz ki, hər şeyi əskiksiz yaradan, hər cür yaratmadan xəbərdar olan Allahdır. Allah bu həqiqətə bir çox ayəsində diqqət çəkmişdir:

 

Yeddi göyü təbəqələr şəklində quran Odur. Sən Mərhəmətli Allahın yaratdığında qətiyyən bir uyuşmazlıq tapmazsan. Bir başını qaldırıb göyə diqqət yetir, heç onda bir çat görürsənmi? Sonra göz gəzdirib təkrar bax. Göz zəlil və yorğun halda özünə tərəf dönəcəkdir (Mülk surəsi , 3-4)

 

Məgər Allahın göydən yağış yağdırdığını və onunla yer üzünü yaşıllığa bürüdüyünü görmürsənmi? Həqiqətən, Allah Lütfkardır, hər şeydən Xəbərdardır.  (Həcc surəsi, 63)

 

Cinsi yolla çoxalan bitkilər

Bitkinin çiçəyində yerləşən erkək və dişi çoxalma orqanları vasitəsilə reallaşan çoxalma forması, cinsi yolla çoxalma adlandırılır. Hər çiçəyin forması, rəngi, sahib olduğu çoxalma hüceyrələrinin pərdələri, tac yarpaqları kimi xüsusiyyətləri hər bitki növünə görə fərqlənər. Strukturlardakı bu müxtəlifliyə baxmayaraq, bütün çiçəklərin vəzifələri əsasən eynidir. Bu vəzifələr; çoxalma hüceyrələrini hazırlamaq, paylamağa hazır hala gətirmək və özünə gəlib çatan digər çoxalma hüceyrəsini mayalamaqdır.

 Çiçəklərin açmağa başladıqları dövrdə əmələ gələn çiçək tozları, bitkilərin erkək çoxalma hüceyrələridir. Vəzifələri, öz növlərinin çiçəklərindəki dişi orqanlara çata bilmək və aid olduqları bitkinin nəslinin davam etməsini təmin etməkdir.

 Hər bitkinin tozcuqlarını göndərmək üçünsə özünəməxsus bir üsulu, ya da istifadə etdiyi bir mexanizmi vardır. Bəzi bitkilər böcəklərdən istifadə edər, bəziləri isə küləyin xüsusiyyətlərindən faydalanarlar. Şübhəsiz ki, bitkilərin tozlanmasındakı ən əhəmiyyətli məqam hər bitkinin təkcə öz növündən olan bir bitkini mayalandıra bilməsidir. Buna görə də doğru tozcuqların doğru bitkiyə getməsi olduqca əhəmiyyətlidir.

Bəs xüsusilə də yaz aylarında havada bu qədər çox növdə tozcuq hərəkət etdiyi halda, necə olur ki, mayalanmada heç bir qarışıqlıq baş vermir? Tozcuqlar uzun səfərlərə və dəyişən şərtlərə necə müqavimət göstərirlər?

Bütün bu sualların cavabı çiçək tozunun quruluşu və paylanma üsulları araşdırıldığında verilmiş olacaqdır.

 

Tozcuqlardan toxuma doğru...

Mükəmməl qablaşdırılmış genlər: Tozcuqlar

Tozcuqlar ilk növbədə çiçəklərin erkək çoxalma orqanlarında hazırlanarlar və oradan da çiçəyin xarici hissəsinə doğru hərəkət edərlər. Bura çatdıqdan sonra da yetkinləşməyə başlayarlar və sonrakı nəsil üçün mayalanmağa hazır vəziyyətə gələrlər. Bu tozcuğun həyatındakı ilk mərhələdir.

Əvvəlcə tozcuğun quruluşuna bir qədər nəzər salaq. Tozcuq, gözlə görülməyəcək qədər kiçik bir mikroorqanizm (qayın ağacının tozcuğu 2, balqabağın tozcuğu isə 200 mikron böyüklüyündədir) (1 mikron=1/1000 mm). İçində böyük gövdəli bir hüceyrə (vegetativ hüceyrə) ilə iki sperma hüceyrəsi (generativ hüceyrə) vardır.

Tozcuq bir növ qutuya oxşayır. Tozcuğun içində bitkinin çoxalma hüceyrələri yerləşir. Bu hüceyrələrin əksəriyyəti xarici faktorlardan zərər görmədən canlılıqlarını qoruya bilmələri üçün çox yaxşı bir şəkildə saxlanılmalıdırlar. Buna görə də qutunun quruluşu olduqca möhkəmdir. Qutunun ətrafı "sporoderma" adlandırılan bir qabıq tərəfindən örtülmüşdür. Bu qabığın xaricində yerləşən və "ekzin" deyə adlandırılan təbəqə üzvi aləmin məlum olan ən bərk maddəsidir və kimyəvi quruluşu hələ də tam olaraq aydınlığa qovuşdurulmamışdır.(6) Bu maddə adətən turşuların və fermentlərin zərərlərinə qarşı çox davamlıdır. Həmçinin yüksək temperatur və təzyiqdən də təsirlənmir. Göründüyü kimi bitkilərin mövcudluğu, onların yaşamaları üçün zəruri olan tozcuqların qorunmaları məqsədiylə çox geniş tədbirlər alınmışdır. Tozcuqlar sanki xüsusi şəkildə qablaşdırılmışdır. Bu sayədə tozcuqlar hansı metodla daşınılırsa daşınsınlar, ana gövdələrindən kilometrlərlə uzaqlıqda belə canlılıqlarını davam etdirə bilərlər. Tozcuqların çox dözümlü bir maddəylə örtülmələriylə yanaşı, sayca çox olmaları da o bitkinin çoxalmasını zəmanət altına almış olar.

Tozcuqdakı bu müfəssəl quruluşda da göründüyü kimi, Allah yaratdığı hər şeydə bizə bənzərsiz sənətini göstərər və bunların üzərində düşünməyimizi istəyər. Buna Qurandakı bir çox ayədə diqqət çəkilmişdir:

 

Yer üzündə bir-birinə yaxın qonşu qitələr vardır; üzüm bağları, əkinlər, şaxəli-şaxəsiz xurma ağacları vardır. Onlar eyni su ilə suvarılır. Lakin verdikləri (barda və ləzzətdə) onların birini digərindən üstün edirik. Doğrudan da, bunda ağlından istifadə edən adamlar üçün dəlillər vardır. (Rad surəsi, 4)

 

Tozcuqların, mayalandıracaqları çiçəklərə çata bilmələri üçün adətən iki fərqli yol vardır: Mayalanma əməliyyatının ilk mərhələsi olan daşınma əməliyyatı, tozcuqları bir arının, bir kəpənəyin, ya da hər hansı bir böcəyin bədəninə yapışıb özlərini daşıtdırmaları və ya küləyin istiqamətində hərəkət edərək reallaşar.

 

Küləklə hərəkət edən tozcuqlar

Yer üzündəki bir çox bitki növü tozcuqlarını külək vasitəsiylə yaymaqla çoxalar. Bir çox çılpaqtoxumlu bitki, şam ağacları, palma və buna oxşar digər ağaclar və həmçinin çiçək açan bütün toxumlu bitkilərlə, alaq otlarının hamısı küləklərin köməyi ilə mayalanar. Külək tozcuqları bitkilərdən götürüb, eyni növə aid digər bitkilərə daşıyaraq onları mayalandırar.

Küləklə mayalanma əməliyyatında hələ də elm adamlarının izah etməkdə çətinlik çəkdikləri bir çox məqam və cavab gözləyən bir çox sual vardır. Məsələn, küləklə daşınan minlərlə tozcuq növündən hər biri, öz növünə aid olan bitkinin çiçəyini necə tanıyır? Bitkidən ayrılan tozcuqlar heç bir yerə ilişmədən bu bitkinin dişicik orqanlarına necə çatır? Mayalanma ehtimalının olduqca az olmasına baxmayaraq, minlərlə bitki, üstəlik də milyonlarla ildir ki, necə bu yolla mayalanır?

Məhz bu sualları cavablandırmaq məqsədiylə yola çıxan Kornel Universitetindən Karl J. Niklas və qrupu küləklə mayalanan bitkiləri tədqiq etməyə başlamışdırlar. Olduqca heyrətamiz nəticələr əldə etmişdirlər. Niklas və qrupu küləklə mayalanan bitkilərin havadan çoxlu miqdarda tozcuq tuta bilmələrini təmin edən, aerodinamik çiçək strukturlarının olduğunu kəşf etmişdirlər.

Bitkilərdəki bu aerodinamik quruluş nədir? Bunun necə bir təsiri vardır? Bu sualları cavablandıra bilmək üçün əvvəlcə "aerodinamik quruluş" anlayışı izah olunmalıdır. Havada hərəkət edən cisimlərə hava axınlarından qaynaqlanan bəzi qüvvələr təsir edir. Aerodinamik qüvvələr olaraq adlandırılan bu qüvvələr sayəsində, hərəkət etməyi bacara bilən cisimlər də "aerodinamik quruluşa sahib cisimlər" olaraq adlandırılırlar. Küləklə tozlanma üsulundan istifadə edən bəzi bitkilər məhz bu aerodinamik quruluşdan çox səmərəli bir şəkildə istifadə edirlər. Bu mövzudakı ən gözəl nümunə şam qozasının quruluşunda müşahidə olunur.

 

Aerodinamik qozalar

Karl Niklas və qrupunun küləklə tozlanma hadisəsini öyrənmələrinə səbəb olan suallardan, bəlkə də, ən əhəmiyyətlisi, "necə ola bilər ki, havada bu qədər çox növdə tozcuq hərəkət etdiyi halda, bir bitki növünün tozcuqları başqa bir bitki növü tərəfindən tutulmur və yalnız öz növünə aid digər bitkilərə çatdırılır" sualı olmuşdur. Məhz bu sual elm adamlarını küləklə mayalanan bitkiləri, xüsusilə də qozaları öyrənməyə yönəltmişdir.

Olduqca uzun ömürləri və hündür boylarıyla tanınan qozalı ağaclarda, qozalar erkək və dişi strukturları meydana gətirirlər. Erkək və dişi qozalar eyni ağacda olduğu kimi fərqli ağaclarda da ola bilərlər. Qozalarda, tozcuqları daşıyan hava axınını özlərinə doğru çəkəcək xüsusi hazırlanmış kanallar vardır. Tozcuqlar, əmələ gələn bu kanallar sayəsində asanlıqla çoxalma yerlərinə gəlirlər.

Dişi qozalar, erkək qozalara nisbətən daha böyükdür və öz-özlüyündə böyüyərlər. Dişi qozaların mərkəzi oxlarının ətrafında xeyli miqdarda yarpaq bənzəri strukturlar olan "sporofil"lər vardır. Bunlar balıq pulcuğuna bənzəyən qabıq formasındakı strukturlardır. Sporofillərin daxili səthlərində iki ədəd yumurtacıq (yumurtanın yaradıldığı qisim) vardır. Qozalar tozlanmağa hazır olduğu vaxt bu qabıqlar iki tərəfə doğru açılır. Beləcə erkək qozadan gələn tozcuqların içəri daxil olmasına imkan yaranır.

Bundan başqa tozcuqların asanlıqla qozanın içinə daxil olmasını təmin edən xüsusi köməkçi strukturlar da vardır. Məsələn, dişi qozaların pulcuqları yapışqan tüklərlə təchiz olunur. Bu tüklər sayəsində tozcuqlar mayalanma əməliyyatı üçün asanlıqla içəri daxil olurlar. Mayalanmadan sonra dişi qozalar nüvəyə sahib olan odun və dəmirə bənzər strukturlara çevrilərlər. Daha sonra nüvələr də əlverişli şərtlərdə inkişaf edərək yeni bitkiləri meydana gətirərlər. Həmçinin dişi qozaların çox təəccüb oyandıran bir xüsusiyyətləri daha vardır: Yumurtanın meydana gəldiyi qisim (yumurtacıq) qozanın mərkəzinə çox yaxındır. Bu da tozcuğun bu hissəyə çatması üçün bir maneə kimi görünür. Çünki qozanın daxili qisimlərinə çata bilmək üçün, qozanın daxilinə gedən xüsusi bir yoldan da keçməlidir. Bu ilk baxışda qozaların tozlanmasında əlverişsiz bir yol kimi görünməsinə baxmayaraq, aparılan araşdırmalar nəticəsində belə olmadığı aydın olmuşdur...(7)

Qozalardakı bu xüsusi mayalanma prosesinin necə reallaşdığını öyrənmək məqsədiylə bir qoza modeli hazırlanılaraq təcrübə aparılmışdır. Helium doldurularaq hazırlanmış qabarcıqlar hava axınına buraxılaraq hərəkətləri müşahidə edilmişdir. Bu qabarcıqların hava axınıyla asanlıqla hərəkət edərək, qozanın içindəki dar keçidlərdən heç bir çətinlik çəkmədən keçmə xüsusiyyətinə sahib olduqları məlum olmuşdur.

Daha sonra bu maket təcrübəsində müşahidə edilən qabarcıqların hərəkətləri xüsusi bir şəkilçəkmə metoduyla qeydə alınmışdır. Bir kompyuterin köməyi ilə görünüşlər təhlil edilərək küləyin istiqaməti və sürəti də təsbit edilmişdir.

Kompyuterdən əldə edilən nəticələrə görə qozaların küləyin hərəkətini üç istiqamətdə dəyişdirdiyi məlum olmuşdur. İlk növbədə küləyin istiqaməti budaqlar və yarpaqlar vasitəsiylə mərkəzə doğru yönləndirilmişdir. Daha sonra bu yerdəki külək burularaq yumurtanın yaradıldığı yerə doğru istiqamətlənmişdir. İkinci hərəkətdə qozanın bütün qabıqlarını sığallayan külək sanki bir burulğanmış kimi burularaq qozanın daxilinə keçən yerə yönəlmişdir. Üçüncüsündə isə qoza öz çıxıntıları sayəsində burulğanlığa səbəb olaraq, küləyin istiqamətini aşağıya doğru yönəltməklə qabıqlara istiqamətləndirmişdir.

Məhz bu hərəkətlər sayəsində havada uçan tozcuqlar çox vaxt hədəflərinə çata bilirlər. Burada diqqət yetirilməli olan məqam, şübhəsiz ki, bir-birini tamamlayan üç mərhələnin olması və bunların mütləq bir yerdə olmasının lazım olduğudur. Qozalardakı quruluşun mükəmməlliyi məhz bu məqamda ortaya çıxır.

Təkamül nəzəriyyəsi bütün canlılarda olduğu kimi bitkilərin də mərhələli şəkildə, müəyyən vaxt ərzində təkmilləşdiyini iddia edir. Təkamülçülərə görə bitkilərdəki qüsursuz strukturların yaranma səbəbi təsadüflərdir. Bu iddianın əsassızlığını görmək üçün təkcə qozalardakı çoxalma sisteminin sahib olduğu qüsursuz quruluşu araşdırmaq belə kifayət edər.

Çoxalma sistemi olmadan bir canlının nəslini davam etdirməsi qeyri-mümkündür. Bu qaçınılmaz həqiqət, əlbəttə ki, şam ağacı və qozaları üçün də etibarlıdır. Yəni, qozalardakı çoxalma sisteminin şam ağaclarının ilk yarandığı vaxtdan etibarən mövcud olması zəruridir. Qozalardakı bu mükəmməl quruluşun kortəbii surətdə və mərhələli şəkildə meydana gəlməsi də qeyri-mümkündür. Çünki küləyi qozalara tərəf istiqamətləndirən quruluşun, daha sonra bu küləyi kanala tərəf yönəldən ayrı bir quruluşun və ən axırda isə yumurtalığın olduğu yerə çatdıran kanalın, məhz bunların hər birinin qüsursuz şəkildə eyni anda meydana gəlmiş olması lazımdır. Bu üç quruluşdan biri əskik olduqda, bu çoxalma sisteminin çalışması qeyri-mümkündür. Qaldı ki, qozadakı yumurta hüceyrəsinin və onu mayalandıracaq sperma hüceyrələrinin də öz-özlərinə təsadüfən əmələ gəlmələrinin qeyri-mümkün olması da təkamül nəzəriyyəsi baxımından tam fərqli bir çıxılmaz vəziyyətdir.

Tək bir hissəsinin belə təsadüflər nəticəsində yaranması qeyri-mümkün olan belə bir sistemin bütün hissələrinin eyni anda təsadüflər nəticəsində yaranması, qeyri-mümkünlükdən də uzaq bir vəziyyətdir. Bu vəziyyət də təkamül nəzəriyyəsinin təsadüfən yaranma iddialarını hər cəhətdən etibarsız hala salır. Bu səbəbdən də, bu çox aydın bir həqiqətdir ki, qozalar ilk yarandıqları vaxtdan etibarən, əskiksiz bir şəkildə, bu qüsursuz sistemlə birlikdə Allah tərəfindən yaradılmışdırlar.

Şam ağaclarının, tozcuqların tutulmasını sürətləndirən başqa xüsusiyyətləri də vardır. Məsələn, yumurta hüceyrələrinin içində yerləşdiyi dişi qozalar adətən budaqların ucunda meydana gələr. Bu da tozcuqların itkisini minimuma endirər. Bundan əlavə şam qozasının ətrafındakı yarpaqlar küləyin sürətini azaltmaqla qozanın üzərinə daha çox tozcuq düşməsinə kömək edərlər. Qozanın ətrafındakı yarpaqların simmetrik düzülüşü də, hər hansı bir istiqamətdən gələn tozcuqların asanlıqla tutulmasına yardım edər.

Bütün tozcuqların olduğu kimi, şam tozcuqlarının da növlərə görə fərqli formaları, böyüklükləri və sıxlıqları vardır. Bu sayədə hər bir tozcuq müxtəlif baxımdan küləyin təsirinə məruz qalar. Məsələn, bir növün tozcuqları başqa bir növün qozasının meydana gətirdiyi hava axınlarınyla hərəkət edə bilməyəcək bir sıxlığa malikdir. Bu səbəblə də qozanın meydana gətirdiyi hava axınının kənarına doğru çıxaraq torpağa düşərlər. Bütün qoza növləri öz növlərinin tozcuqları üçün ən əlverişli hava axınını meydana gətirər. Qozaların bu xüsusiyyəti təkcə tozcuqları tutmağa fayda verməz. Bitkilər, hava axınının meydana gətirdiyi bu süzgəc xüsusiyyətindən çox müxtəlif işlər üçün də istifadə edərlər. Məsələn, bu üsul sayəsində dişi qozalar, yumurta hüceyrələrinə zərər verə biləcək göbələk tozcuqlarının hərəkət istiqamətini də dəyişdirə bilərlər.

 Bitkilər tərəfindən kortəbii surətdə havaya buraxılan tozcuqların öz növlərinə çata bilməsi üçün görülən tədbirlər yalnız bunlarla məhdudlaşmır. Bitkinin tozcuqlarının ehtiyacdan daha artıq miqdarda hazırlanması da, tozlanma əməliyyatını müəyyən yerə qədər zəmanət altına almış olar. Bu sayədə müxtəlif səbəblərlə baş verə biləcək tozcuq itkiləri bitkiyə təsir etməyəcəkdir. Məsələn, şam ağaclarındakı hər bir erkək qoza ildə 5 milyondan çox tozcuq hazırladığı halda, tək bir şam ağacı isə ildə 12,5 milyarda yaxın tozcuq hazırlayır ki, bu da digər canlıların çoxalma hüceyrələriylə müqayisədə olduqca heyrətamiz bir göstəricidir. (8)

Bununla yanaşı küləklə daşınan tozcuqların qarşısında daha bir çox maneə vardır. Bunlardan biri də yarpaqlardır. Tozcuqlar havada uçuşmağa başladıqları vaxt, yarpaqlara ilişib qalmalarının qarşısının alınması üçün, bir tədbir olaraq, bəzi bitkilər (fındıq, vələs, qoz və s.) yarpaqlamadan əvvəl çiçəkləyər. Bu səbəblə də tozlanma prosesi yarpaqların hələ tam formalaşmadıqları bir vaxtda baş vermiş olar. Qırtıckimilərdə və şamkimilərdə isə tozlanmanın asanlıqla baş verə bilməsi üçün çiçəklər bitkinin uc hissələrində yerləşmişdir. Beləliklə yarpaqlar tozcuğun hərəkətinə mane olmur.

 Görülən bu tədbirlər sayəsində tozcuqlar olduqca uzaq məsafələrə qədər gedə bilirlər. Bu uzaqlıq bitkinin növünə görə dəyişər. Məsələn, üzərlərində hava kisəcikləri olan tozcuqların qət edə bilmədikləri məsafə, digər növlərə görə daha çox ola bilər. 2 ədəd hava kisəciyinə sahib olan şam tozcuqlarının güclü küləklərin vasitəsi ilə 300 km qədər uzağa daşına bildiyi müəyyənləşdirilmişdir.(9) Bununla yanaşı əsl əhəmiyyətli məqam, havada uçan minlərlə növ tozcuğun bəzən kilometrlərlə məsafəyə, eyni küləklərlə daşınması və bir qarışıqlığın olmamasıdır.

 

Tozcuqlar hədəfə tuşlanır

Külək yoluyla mayalanan bitkilərin bu heyrətamiz xüsusiyyətlərini daha yaxşı başa düşə bilmək üçün, belə bir nümünə ilə müqayisə apara bilərik:

Raketlər hədəflərinə çata bilmək üçün müəyyən bir yolla hərəkət etməlidirlər. Buna görə də raketin hər cür konstruksiyası, hədəfə çatmasını təmin edəcək şəkildə dəqiqliklə hesablanaraq hazırlanmışdır. Raketin xüsusiyyətləri, mühərrik gücü, uçuş sürəti kimi raket ilə əlaqədar və yağış, külək, sıxlıq kimi hava şərtləriylə əlaqədar mövzular ətraflı bir şəkildə proqramlaşdırılmalıdır. Həmçinin hədəfə alınmış bölgənin quruluşu və mühit şərtləri də ən incə təfərrüatına qədər bilinməlidir. Üstəlik bu təsbitlər dəqiq ölçmə işləriylə aparılmalıdır. Əks təqdirdə raket getdiyi yoldan kənara çıxar və hədəfə çata bilməz. Hədəfə tuşlanan bir raketin vəzifəsini müvəffəqiyyətlə tamamlaya bilməsi üçün bir çox mühəndis çox ətraflı bir şəkildə düşünməklə hərəkət etməlidir. Aydındır ki, hədəfə tuşlanmadakı müvəffəqiyyət, qrupun gərgin iş fəaliyyətinin, dəqiq hesablama işlərinin və istifadə etdiyi üstün texnologiyanın bir nəticəsi olacaq.

Qozalardakı qüsursuz çoxalma sistemlərində də, raketlərin hədəfə tuşlanmalarına bənzər şəkildə, hər şey çox dəqiq planlanmış, olduqca həssas nizamlama işləri görülmüşdür. Küləyin istiqaməti, qozaların sıxlıq fərqləri, yarpaqların forması kimi bir çox incəlik, xüsusi olaraq hazırlanmış və bitkilərin çoxalma planı bu məlumatlar əsasında qurulmuşdur.

Bitkilərdəki bu müfəssəl strukturların varlığı, ağla yenə bu mexanizmlərin necə meydana gəldiyi sualını gətirəcək. Bu suala yenə bir sualla cavab verək. Qozalardakı bu quruluş təsadüflərin əsəri ola bilərmi?

Raketlərdəki sistem uzun illərdir ki, görülən işlər nəticəsində, ağıl və məlumat sahibi, bu mövzuda ixtisaslaşmış mühəndislərin ciddi səyləri nəticəsində meydana gəlmişdir.

Bu mövzuda heç kimin bir şübhəsi yoxdur. Demək olar ki, raketlərlə eyni iş sisteminə sahib olan qozalardakı mürəkkəb quruluşlar da eyni şəkildə xüsusi olaraq dizayn edilmişdir. Bir raketin təsadüfən meydana gəldiyini iddia etmək, təsadüfi bir istiqamət üzrə hərəkət etdiyini söyləmək nə dərəcədə məntiqsiz bir iddiadırsa, oxşar şəkildə hədəfə tuşlanmış olaraq hərəkət edən tozcuqların fövqəladə hərəkətlərinin və qozalardakı müfəssəl quruluşun da təsadüflərlə meydana gəlmiş olduğunu söyləmək eyni dərəcədə məntiqsiz bir iddia olar.

Eyni şəkildə tozcuqların bu səfərdə öz müxtəlif yollarını tapa bilmə qabiliyyətinə və məlumata sahib olma ehtimalları da, əlbəttə ki, qeyri-mümkündür. Nəticə etibarilə tozcuq, bir hüceyrə toplusudur. Daha da dərinliyə getsək, şüursuz atomlardan ibarət olan bir varlıqdır. Tozcuqlarda belə bir qabiliyyət meydana gətirəcək bir şüur axtarmaq mümkün deyil. Şübhəsiz ki, bir qozanın bu qədər müfəssəl məlumatlarla dolu bir sistemdən istifadə edərək mayalana bilməsi, ancaq sonsuz bilik və qüdrət sahibi olan Allahın mükəmməl yaratması ilə reallaşar.

Şam ağaclarının mayalanmasındakı başqa bir əhəmiyyətli nöqtə də, küləklərə nəzarət edilməsidir. Küləklərin özlərinə verilən daşıma vəzifəsini nöqsansız bir şəkildə yerinə yetirmələri də, şübhəsiz ki, yenə də aləmlərin Rəbbi olan Allahın, göydən yerə qədər hər bir işi nəzarətində saxlaması sayəsindədir. Allah bu vəziyyəti bir ayəsində belə bildirir:

 

Biz küləkləri dölləndirici (buludlarda su əmələ gətirən, bitkiləri tozlandıran bir vasitə) kimi göndərdik... (Hicr surəsi, 22)

 

Yer üzündəki bütün bitki növləri istisnasız bu əməliyyatları yerinə yetirirlər. Hər bir növ özünün etməli olduğu şeyləri, ilk yarandığı vaxtdan etibarən bilir. Hava axınının köməyi ilə reallaşan bu hadisənin baş tutma ehtimalının olduqca az olmasına baxmayaraq, milyonlarla ildir ki, heç bir ləngimə olmadan davam edir. Göründüyü kimi hər şey çox yerli yerində və mükəmməl bir vaxtda reallaşır. Çünki bu mexanizmlərin hər biri, bütöv bir halda və həmçinin bir yerdə işləmək məcburiyyətindədir. Biri əskik olduqda və ya işləmədikdə bitkinin nəslinin tükənməsi qaçınılmazdır.

Nə bir hissəsində, nə də bütünündə özlərinə aid bir ağıl, iradə və ya şüur olduğu müşahidə olunmayan bu sistemlər, çox aydındır ki, hamısına hər an nəzarət edən, hər şeyi ən müfəssəl şəkildə planlaşdıran, sonsuz bir güc və bilik sahibi olan Allahın əmri və yaratması ilə bu inanılmaz hadisələrdə rol oynayırlar. Canlı-cansız hər şeyin və hər hadisənin meydana gəlməsi Allahın hər an yaratması ilə reallaşır. Allah bu sirri bir ayəsində insanlara belə bildirir:

 

Yeddi göyü və yerdən də bir o qədərini yaradan Allahdır. Vəhy onların arasında ona görə nazil olur ki, Allahın hər şeyə qadir olduğunu və Allahın hər şeyi elmi ilə əhatə etdiyini biləsiniz. (Talaq surəsi, 12)

 

Mövzuyla əlaqədar belə bir nümunə daha verə bilərik: Hər bir elementin düşünülərək hazırlandığı, problemsiz işləyən texnoloji bir alət, bir zavod və ya bir bina gördüyümüzdə bunların layihəçilərinin olduğundan heç şübhə duymuruq. Bütün bunların şüurlu kəslər tərəfindən hazırlandığını və mütləq hər bir mərhələsinə nəzarət olunduğunu da bilirik. Heç kim çıxıb da bunların öz-özlərinə vaxt keçdikcə yarandığını iddia etməz. Planlaşdıran adamın ağlını və sənətini gördüyü işlər dərəcəsində təqdir edirik, hörmət edirik, ondan təriflə bəhs edirik.

Məhz yer üzündəki bütün canlılar da çox həssas tarazlıqlara bağlı olaraq, hər incəliyi müfəssəl şəkildə planlanmış sistemlərlə birlikdə yaradılmışlar. Bunu istisnasız başımızı çevirdiyimiz hər yerdə görərik. Bütün canlılar bizə özlərini yaradan Allahı tanıdırlar. Şübhəsiz ki, burada tərifə layiq olan, bütün canlıları sahib olduqları qabiliyyətlərlə birlikdə yaradan Allahdır. Yer üzündəki hər şey kimi bütün bitkilər də Allahın xüsusi olaraq yaratdığı sistemlər sayəsində varlıqlarını davam etdirirlər, yəni Onun nəzarəti altındadırlar:

Göylərdə və yerdə nə varsa, Onundur. Həqiqətən, Allah heç bir şeyə ehtiyacı olmayandır (Qani), Tərifəlayiqdir. (Həcc surəsi, 64)

Qeybin açarları Onun yanındadır, Onları yalnız O bilir. O, quruda və dənizdə nələr olduğunu bilir. Onun xəbəri olmadan yerə düşən bir yarpaq belə yoxdur. Yerin qaranlıqlarındakı bir toxum, yaş və quru da daxil olmaqla, hamısı (və hər şey) açıq-aydın bir (Lövhi-Məhfuzda) saytdadır. (Ənam surəsi, 59)

 

 

Tozcuq daşıyıcıları iş başında

Bəzi bitki növlərinin öz tozcuqlarını böcəklər, quşlar, arılar və kəpənəklər kimi heyvanlara daşıtdıraraq çoxaldıqlarından bəhs etmişdik.

Tozcuqlarını heyvanların vasitəsilə ətrafa paylayan bitkilərlə bu paylama vəzifəsini yerinə yetirən heyvanlar arasındakı əlaqələr müşahidəçiləri heyrətə salır. Çünki bu canlılar qarşılıqlı bir alış-verişi həyata keçirmək üçün, bir-birlərinə təsir edəcək və bir-birlərini cəzb edəcək üsullardan məharətlə istifadə edərlər. Əvvəllər ümumi bir qənaət olaraq bitkilərin heyvanlarla olan əlaqələrdə böyük bir rola sahib olmadıqları zənn edilirdi. Halbuki araşdırmalar bu qənaətin tam tərsi olan bir nəticəni verdi: Bitkilər heyvanlardakı hərəkət və davranışlara bilavasitə təsir göstərirlər.

Məsələn, bitkilərdəki rəng siqnalları quşlara və digər heyvanlara hansı meyvələrin yetkinləşib yayılmağa hazır olduğunu xəbər verir. Çiçəklərin rəngi ilə əlaqədar olan nektar miqdarı da, mayalandırıcının çiçək üzərində daha uzun müddət qalmasını təmin edərək mayalanma ehtimalını artırır. Xüsusi çiçək qoxuları da doğru mayalandırıcını tam lazımi vaxtda özlərinə doğru çəkər. Bitkilər çox aktiv bir şəkildə heyvanlara təsir edirlər. İstifadə etdikləri xüsusi strategiyalarla tozcuqlarını daşıyacaq heyvanları mükəmməl bir şəkildə istiqamətləndirirlər.(10)

Bunlardan başqa bitkilər məqsədlərinə nail ola bilmək üçün bəzi hallarda yanıldıcı üsullardan da istifadə edirlər. Tozlanmanı təmin edəcək heyvan adətən bitkinin qurduğu tələyə düşər və beləliklə bitki öz məqsədinə nail olar.

 

 

ardı >>