Your browser version is outdated. We recommend that you update your browser to the latest version.

Bitkilərin istifadə etdiyi üsullar: Rəng, görünüş və qoxu əlaqəsi

Tozcuq daşıyan heyvanlar üçün rənglər, çiçəklərin nə qədər uzaqda olduğunu büruzə verməklə yanaşı, çiçəkdə nektar olub-olmadığını da xəbər verirlər. Mayalandırıcı böcəklər yaxınlaşdıqda çiçəkdə olan qoxu və görünüş kimi xəbərdaredici siqnallar böcəyə nektarın olduğu yerə qədər yol göstərərlər. Çiçəklərdəki rəng müxtəlifliyi mayalandırıcını nektarın olduğu mərkəzə doğru yönəldir və mayalanmanı təmin edir.(11)

Bitkilər də sahib olduqları bu rənglərin özlərinə rəhbərlik etdiklərindən xəbərdardırlar. Hətta bu xüsusiyyətdən olduqca şüurlu bir şəkildə istifadə edərək heyvanları aldadırlar. Bəzi bitkilər böcəkləri özlərinə çəkə biləcək nektarlara sahib olmadığı halda nektar daşıyan çiçəklərin rəng xüsusiyyətlərinə sahibdirlər. Aralıq dənizi iqlimində yerləşən meşəlik ərazilərdə bir yerdə yaşayan bənövşəyi zəngçiçəyi ilə səhləbkimilərin bir növü olan Qırmızı Sefalanda orxideyası bitkisi bu mövzuya gözəl bir nümunədir. Bənövşəyi zəngçiçəkləri arılar üçün cəlbedici bir nektar ifraz etdiyi halda, Qırmızı Sefalanda orxideyası bu əməliyyatı yerinə yetirəcək xüsusiyyətlərə sahib deyil. Hər baxımdan bir-birindən fərqlənən bu iki bitkinin mayalanmasını təmin edən şey isə yerli adı "eşşək arısı" olan çöl arısıdır. Çöl arıları, zəngçiçəyinin mayalanmasını təmin etməklə yanaşı, Qırmızı Sefalanda orxideyasını da mayalama ehtiyacı duyarlar. Nektarı olmadığı halda bir bitkini mayalandıran arılar elm adamlarının diqqətini çəkmiş və bunun səbəbini araşdırmışlar.(12)

Bu sualın cavabı "spektroflürometr" olaraq adlandırılan bir alət ilə aparılan tədqiqatlar nəticəsində ortaya çıxmışdır. Buna görə də çiçəklərin yaydığı şüaların dalğa uzunluqlarını, çöl arılarının seçə bilmədiyi məlum olmuşdur. Yəni insanlar bənövşəyi zəngçiçəyi ilə Qırmızı Sefalanda orxideyasının saçdığı şüaların dalğa uzunluqlarını ayırd edib, çiçəkləri müxtəlif rənglərdə görə bildikləri halda, çöl arıları bunu görə bilməzlər. Rəng, tozcuq daşıyıcılar üçün əhəmiyyətli bir faktor olduğundan nektar ifraz edən zəngçiçəyinə doğru gedən arı, onun yanında olan və eyni rəngdə gördüyü, ancaq nektarı olmayan Qırmızı Sefalanda orxideyasına da qonaraq mayalanmasını təmin edər. Göründüyü kimi bu orxideya, zəngçiçəyi ilə olan "gizli bənzərliyi" sayəsində nəslini davam etdirə bilir.

Bəzi bitki növləri isə çiçəklərinin rəngini dəyişdirməklə, elə bil, tozcuqlar barəsində böcəkləri xəbərdar edərlər. Bu mövzuyla əlaqədar belə bir nümunə verə bilərik:

Təbiətşünas alim Fritz Müller bir məktubunda Braziliya meşələrində bitən lantana adlı bir bitkidən bəhs edirdi:

Burada üç gündür ki, rəng dəyişdirən bir lantana çiçəyi var. İlk gün sarı idi, ikinci gün narıncı, üçüncü gün isə bənövşəyi oldu. Müxtəlif kəpənəklər bu çiçəyə qondu. Görə bildiyim qədər bənövşəyi çiçəklərə heç toxunulmadı. Bəzi böcəklər xortumlarını həm sarı, həm də narıncı çiçəklərə saldılar, digərləri isə birinci gün sarı çiçəklərə. Mən bunun maraqlı bir vəziyyət olduğunu düşünürəm. Əgər çiçəkdəki nektar ilk günün sonunda azalsa çiçək böcəklər tərəfindən daha az hiss edilməyə başlayar; əgər rəngi dəyişməsə kəpənəklər xortumlarını daha əvvəl mayalanmış olan çiçəklərə salaraq vaxt itirəcəkdilər.(13)

Müllerin də müşahidə etdiyi kimi çiçəyin rənginin dəyişməsi həm bitkinin, həm də mayalandırıcının xeyrinədir. Çiçəkləri rəng dəyişdirən bitkilər, çiçəkləri gənc olduğunda mayalandırıcılara bol miqdarda nektar verərlər. Çiçəklər yaşlandıqca təkcə rənglərini dəyişdirməklə kifayətlənməz, həmçinin daha az nektar saxlayarlar. Beləcə mayalandırıcılar nektarı olmayan və ya az miqdarda nektarı olan, buna görə də rəngi dəyişən meyvəsiz bitkilərə getməyərək enerjiyə qənaət etmiş olurlar.

Bitki tərəfindən bir böcəyin və ya quşun diqqətini çəkmək məqsədiylə istifadə edilən üsullardan biri də çiçəklərin yaydıqları qoxulardır. Bizim yalnız xoşumuza gələn çiçək qoxuları, əslində böcəklərin diqqətini çəkmək məqsədiylə ifraz olunur. Çiçəyin yaydığı qoxu da ətrafdakı böcəklər üçün yol göstərici rəhbər xüsusiyyətinə malikdir. Qoxunu alan böcək, bu qoxunun gəldiyi yerdə özü üçün dadlı bir nektar toplanmış olduğunu hiss edər. Qarşılıqlı surətdə reallaşan bu xəbərləşmə vəsiləsiylə böcək hiss etdiyi qoxunun gəldiyi yerə doğru gedər. Böcək çiçəyə çatdığı vaxt nektarı almaq üçün çalışacaq və tozcuqlar üzərinə yapışacaqdır. Həmin böcək qonduğu başqa bir çiçəyə, daha əvvəl bədəninə yapışan tozcuqları buraxacaq və bu sayədə bitki mayalanmış olacaq. Böcəyin gördüyü bu əhəmiyyətli işdən xəbəri belə yoxdur. Onun məqsədi sadəcə qoxusunu hiss etdiyi nektara çatmaqdır.

 

 

Bitkilərin aldadıcı üsulları

Bəzi bitkilərin aldadıcı üsullardan istifadə etdiklərindən bəhs etmişdik. Bu bitki növlərinin böcəklərin diqqətini çəkəcək nektarları yoxdur. Bu cür bitkilər böcəklərə olan bənzərliklərdən faydalanaraq mayalanarlar. Səhləbkimilərin bir növü (mirror orchid) arılara təsir edə bilmək üçün dişi bir arının görünüşünə və rənginə malikdir. Hətta səhləbkimilərin bu növü daha asan yolla erkək arıların diqqətini özlərinə çəkə bilmək üçün yararlı bir kimyəvi xəbərdarlıq yayıb, təsir edici bir feromon (xüsusi bir ifrazat) belə hazırlaya bilirlər.

Kipr Arı Orxideyası (Cyprus bee orchid) da mayalanma əməliyyatının reallaşması üçün arı təqlidi edən çiçəklərdən biridir. Bu metoddan istifadə edən səhləbkimilərin sayı olduqca çoxdur və tətbiq etdikləri üsullar da bir-birlərindən fərqlidir. Bəziləri başı dik vəziyyətdə olan dişi bir arını təqlid etdiyi halda, bəzilərinin başı isə aşağı doğru əyilmişdir.

Məsələn, sarı səhləbkimilər ikinci metoddan istifadə edirlər. Bunun səbəbi mayalanma formalarındakı fərqlərdir.(14)

Dişi arı təqlidi edən səhləbkimilərin digər bir növü də Yalançı Arı orxideyasıdır. Bu səhləbkimilər dişi arıların xarici görünüşlərini o qədər mükəmməl təqlid edərlər ki, təkcə erkək arılar bu səhləbkimilərlə maraqlanar. Dişi arılar bu orxideyalarla heç maraqlanmazlar. Səhləbkimilər ailəsinin bəzi üzvləri isə arılara verəcək nektarları olmasa da arıları özlərinə tərəf çəkməyi bacararlar. Yenə dişi arı təqlidi edib diqqət çəkici bir qoxu ifraz edərək erkək çöl arısının çiçəyin alt hissəsində yerləşən qisminə qonmasını təmin edərlər. Çiçəyə qonan çöl arısı cütləşməyə çalışar və nəticədə də çiçəyin üzərindəki tozcuqları bədəninə bulaşdırar. Bu aldanışın nəticəsində isə bədəninə yapışan tozcuqları eyni məqsədlə qonduğu başqa bir orxideya çiçəyinə daşıyar.(15)

Heyvanların dişilik xüsusiyyətini təqlid edən başqa bir bitki isə çəkic orxideyasıdır. Cənubi Avstraliyada yetişən bu orxideyanın çoxalma mexanizmi heyrət oyandıracaq qədər maraqlıdır. Ürək formasında tək bir yarpağa sahib olan çəkic orxideyaları eynilə dişi it arılarına bənzəyərlər. Bu çöl arılarının yalnız erkəkləri uça bildiyi halda, dişiləri qanadsız olub vaxtlarının böyük bir hissəsini torpağın altında keçirərlər. Dişi çöl arıları cütləşmə vaxtı gələndə, erkək arıların onlara asanlıqla çatması üçün torpağın altından çıxaraq çəkic orxideyasına dırmaşarlar. Orxideyanın üzərinə çıxdıqlarında cütləşmək məqsədiylə bir qoxu ifraz edərlər və erkək arının gəlməsini gözləyərlər.

Erkək çöl arılarının xüsusiyyəti isə, orxideyalara dişi arılardan iki həftə tez gəlmiş olmalarıdır. Bu olduqca maraqlı bir vəziyyətdir. Çünki ortada dişi çöl arısı yoxdur, amma dişi çöl arılarına eynilə bənzəyən və mayalanmağı gözləyən orxideyalar vardır və erkək çöl arıları orxideyaya gəldiklərində, dişi arıların yaydığı qoxunun bənzəri ilə qarşılaşarlar. Çünki orxideya dişi arıların qoxusuna bənzər bir qoxu yayır. Bu qoxunun təsiriylə də erkək arılar orxideyanın yarpağına qonarlar. Orxideya, yarpağının bir hissəsini hərəkət etdirərək arının öz çoxalma orqanına düşməsini təmin edər. Arı çiçəkdən xilas olmağa çalışarkən bu anda tozcuq yüklü iki kisəcik başının arxasına və kürəyinə yapışar. Beləcə arı başqa bir orxideyaya qonduqda, kürəyinə yapışan tozcuqlar digər orxideyanın mayalanmasını təmin edər.(16) Göründüyü kimi çəkic orxideyası və arı arasında olduqca ahəngdar bir əlaqə vardır. Bu ahəngdarlıq bitkilərin çoxala bilməsi üçün olduqca əhəmiyyətlidir. Çünki müvəffəqiyyətli bir tozlanma baş tutmadıqda, yəni, böcəkdən gələn tozcuqlar eyni növə aid bir bitkiyə çatmadıqda mayalanma prosesi də reallaşmayacaq.

Çəkic orxideyası ilə çöl arıları arasındakı bu ahəngdarlığın təbiətdə bir çox nümunəsi vardır. Çiçəklərin quruluşlarındakı fərqliliklər bəzən bu ahəngdar əlaqənin səbəbi ola bilir. Məsələn, bəzi böcəklər üçün bəzi çiçəklərin içinə girə bilmək olduqca asandır, çünki çiçəyin tozcuqlarının yerləşdiyi qisim açıqdır, böcəklər və arılar bu yerdən asanlıqla girib tozcuqlara çata bilərlər. Bəzi bitkilərdə isə yalnız müəyyən heyvanların girə biləcəyi böyüklükdə bir nektar girişi vardır. Məsələn, arılar çiçəkdəki nektara çata bilmək üçün bəzən bu aralardan özlərini içəriyə tərəf itəliyərlər. Halbuki arıların asanlıqla yerinə yetirdiyi bu əməliyyatı yerinə yetirmək başqa canlılar üçün çox çətin, hətta qeyri-mümkündür.

Normal çiçəklərdən fərqli olaraq daha uzun çiçək tacı borusuna sahib olan bitkilər isə, ağız quruluşlarından ötrü arılar və bəzi böcəklər tərəfindən mayalanarlar. Yalnız gecə kəpənəkləri və güvələr kimi uzun dilli böcəklər, uzun çiçək tacı borusuna sahib olan bu çiçəkləri mayalandıra bilərlər.(17)

Bütün nümunələrdə də göründüyü kimi bəzi çiçəklərin strukturlarına eynilə bənzəyən bir struktura sahib olan böcəklərlə, bu çiçəklər arasında olduqca qüsursuz bir ahəngdarlıq vardır.

Bir qıfıl və açar əlaqəsi şəklində olan bu ahəngdarlıq təkamülçülərin iddia etdikləri kimi təsadüflərlə meydana gəlməsi qeyri-mümkündür. Üstəlik bu ahəngdarlığın təsadüflərlə meydana gəlməsini gözləmək, yenə təkamülçülərin müdafiə etdiyi təbii seleksiya məntiqiylə ziddiyyət təşkil edir. Çünki təkamülçülərin təbii seleksiya iddialarına görə, ətraf mühitə adaptasiya ola bilməyən bir canlı, ya özündə yeni mexanizmlər meydana gətirməli, ya da yavaş-yavaş yox olmalıdır. Bu vəziyyətdə isə təbii seleksiya mexanizminə görə bu bitkilər xüsusi çiçək quruluşlarından ötrü daşıyıcı böcəklər tərəfindən mayalanmayacaqları üçün yox olacaqlar və ya çiçəklərinin formasını dəyişdirmək məcburiyyətində qalacaqlar. Yenə eyni şəkildə ağız quruluşlarından ötrü təkcə bu çiçəkləri mayalandıra bilən böcəklər də, ya qida tapa bilmədikləri üçün yox olacaq ya da qida toplamaqda istifadə etdikləri orqanlarının quruluşunu dəyişdirəcəklər.

Halbuki uzun çiçək tacına sahib bitkilərə və ya digər bitkilərə baxdığımızda hər hansı bir adaptasiyanın, yəni, dəyişikliyin, ya da başqa bir əlavə mexanizmin meydana gəlmədiyini görərik. Eyni şəkildə kəpənəklər və güvələr kimi canlılarda hər hansı bir adaptasiya müşahidə olunmur.

Bu çiçəklər də, onları mayalandıran daşıyıcıları da çox uzun illərdən bəri həyatlarını eyni ahəngdarlıq içərisində davam etdirirlər.

Bura qədər izah edilənlər, bir neçə müxtəlif növdəki bitkinin nəsillərini davam etdirə bilmələri üçün müraciət etdikləri üsulların qısa bir xülasəsi idi. Hər hansı bir biologiya kitabında bütün incəliklərini tapacağınız bitkilərin tozlanması əməliyyatının səbəbləri haqqında eyni qaynaqlar qaneedici bir şərh gətirə bilməzlər. Çünki yerinə yetirilən hər bir əməliyyatda, bitkiyə aid edə bilməyəcəyimiz düşünmək, mühakimə yürütmək, qərar vermək, planlaşdırmaq kimi xüsusiyyətlər ön plandadır. Halbuki bir bitkinin bu hərəkətləri reallaşdıracaq bir şüurunun olmadığını hamımız bilirik. Bitkinin bütün bu əməliyyatları öz iradəsiylə yerinə yetirdiyini söylədiyimiz təqdirdə qarşımıza necə bir ssenari çıxacağına baxın:

Bitki aerodinamik quruluşunun külək ilə tozlanmağa uyğun olduğunu "düşünər" və ondan sonra gələn hər nəsil eyni metoddan istifadə edər. Digərləri isə küləkdən kifayət qədər faydalana bilməyəcəklərini "başa düşər" və bu səbəblə də tozlandırma əməliyyatı üçün böcəklərdən istifadə edərlər. Çoxala bilmək üçün böcəkləri özlərinə tərəf çəkmələrinin lazım olduğunu "bilir" və bunu təmin etmək üçün müxtəlif üsulları sınaqdan keçirirlər. Əvvəlcə böcəklərin hansı şeylərdən xoşlandıqlarını müəyyənləşdirirlər. Bunu müəyyənləşdirə bilmələri üçün böcəkləri müşahidə etmələri, müxtəlif tədqiqat işləri aparmaları lazım gələr. Hansı nektar və qoxunun hansı böcəyə təsir etdiyini öyrəndikdən sonra müxtəlif kimyəvi əməliyyatlar yerinə yetirərək qoxular hazırlayar və bunu tam lazım olan vaxtı müəyyənləşdirərək ifraz edərlər. Nektarı böcəklər üçün cəlbedici edən dadın tərkibindəki maddələrin miqdarını müəyyənləşdirər və bunu da özləri hazırlayarlar. Nektar və qoxu böcəkləri özlərinə çəkmədə kifayət etmirsə düşünüb başqa bir üsulu sınamağa qərar verər və belə vəziyyətlərdə "aldadıcı təqlidlər" edərlər. Hətta öz növlərindən başqa bir bitkiyə çatacaq tozcuqların ölçülərini və gedəcəkləri məsafəni "hesablayar" və buna görə də ən uyğun şəkildə və ən münasib vaxtda tozcuqlarını hazırlayarlar. Tozcuqların yerinə çatmasına mane ola biləcək ehtimalları "düşünür" və bunlara qarşı "tədbirlər görürlər".

Əlbəttə ki, belə bir ssenarinin reallaşması qeyri-mümkündür, hətta bu ssenari tamamilə məntiq qaydalarına ziddir. Bütün bunlar adi bir bitki tərəfindən həyata keçirilə bilməz. Çünki bir bitki düşünə bilməz, vaxtı hesablaya bilməz, ölçü və forma təsbit edə bilməz, küləyin sürətini və istiqamətini müəyyənləşdirə bilməz, mayalana bilmək üçün nə cür üsullara ehtiyacı olduğunu da müəyyənləşdirə bilməz, heç tanımadığı bir heyvanın diqqətini özünə çəkməsinin lazım olduğunu düşünə bilməz, üstəlik bunu təmin etmək üçün hansı üsullardan istifadə edə biləcəyinə qərar verə bilməz.

Bu incəliklər nə qədər çoxaldılırsa çoxaldılsın, hansı istiqamətdən yaxınlaşılırsa yaxınlaşılsın, nə cür məntiqlər qurulursa qurulsun bitkilərlə heyvanlar arasındakı bu əlaqədə bir fövqəladəlik olduğu nəticəsi dəyişməyəcək.

Çünki bu canlılar bir-birləriylə ahəngdar yaradılmışlar. Bu qüsursuz ahəngdarlıq bizə həm çiçəkləri, həm də böcəkləri yaradan gücün hər iki canlını da çox yaxşı tanıdığını, onların hər cür ehtiyacından xəbərdar olduğunu və onları bir-birlərinə uyğun şəkildə yaratdığını göstərir. Hər iki canlı onları çox yaxşı tanıyan və bilən, aləmlərin Rəbbi olan, hər şeydən xəbərdar olan Allahın əsəridir. Onların vəzifəsi Allahın böyüklüyünü, uca qüdrətini, qüsursuz sənətini insanlara göstərib tanıtmaqdır.

Bitki nə öz varlığından, nə də həyata keçirdiyi bu möcüzəvi əməliyyatlardan xəbərdardır. Çünki, o, sahib olduğu hər bir xüsusiyyəti planlaşdıran, kainatdakı hər şey kimi özünü də yaratmış olan və hər an yaratmağa davam edən Allahın nəzarətindədir ki, bu həqiqəti də Allah Quranda bizlərə bildirir:

 

Bitkilər və ağaclar (Ona) səcdə edirlər. (Rəhman surəsi, 6)

 

Suda yaşayan bitkilərdə tozlanma üsulu ilə çoxalma

Tozcuqlarla çoxalmaq yalnız quru bitkilərinə xas xüsusiyyət deyil. Dəniz bitkilərində də bu üsulla çoxalan növlər vardır. İlk dəfə 1787-ci ildə italyan botanik Filippo Cavollini açıq dənizdə yaşayan və tozlanma üsulu ilə çoxalan "zostera" adlı bitkini kəşf etmişdir.(20)

Tozlanma üsulunun təkcə quru bitkilərinə aid bir üsul olduğunun zənn edilməsinin səbəbi; su ilə təmas edən quru bitkilərinin tozcuqlarının, yarılaraq yararsız hala gəlmələriydi.

Suda tozlanma üsulu ilə çoxalan bitkilər üzərində aparılan tədqiqatlar, bu mövzunun təkamül nəzəriyyəsinin içindən çıxa bilmədiyi yeni bir problem olduğunu göstərmişdir.

Tozcuqları su ilə daşınan bitkilərə 11 fərqli fəsilədən 31 cins olmaqla, Şimali İsveçdən Cənubi Argentinaya, dəniz səviyyəsinin 40 m aşağıdan, 4800 m hündürlükdəki And dağlarında yerləşən Titikaka gölünə qədər bir çox fərqli yerdə rast gəlinir. Ekoloji cəhətdən baxılsa, yağışlı tropik meşələrdən, səhradakı quruyan göllərə qədər çox müxtəlif şərtlərdə yaşayanları vardır.(21)

Təkamülçülərin bu mövzudakı problemləri təkamül nəzəriyyəsinin öz müddəalarından qaynaqlanır. Çünki nəzəriyyəyə görə tozlanma, bitkilərin quruda yaşamağa başlamasından sonra istifadə etdikləri "inkişaf etmiş" bir çoxalma formasıdır. Halbuki, bu üsuldan istifadə edən su bitkilərinin varlığı ortadadır. Bu səbəblə də təkamülçülər bu bitkiləri "yenidən suya qayıdan çiçəkli bitkilər" olaraq adlandırmışlar. Lakin təkamülçülər bu bitkilərin nə suya qayıtma vaxtları, nə suya qayıtmalarını tələb edən səbəblər, nə də suya hansı formada qayıtmaları və ara keçid formaları haqqında məntiqli və elmi bir açıqlama verməmişdirlər.

Təkamülçülərin digər bir problemi isə suyun bəzi xüsusiyyətlərindən qaynaqlanır. Daha əvvəl də ifadə etdiyimiz kimi su tozcuğun yayılması üçün heç də səmərəli bir mühit deyil və ümumiyyətlə tozcuq dənələrinin yarılmasına gətirib çıxarır. Həmçinin, suyun hərəkətini proqnozlaşdırmaq da çətindir. Suda olduqca nizamsız axıntılar ola bilər, qabarma və çəkilmə hərəkətləri bitkiləri qəfildən batıra bilər, ya da suyun üstündə olduqca uzaq məsafələrə apara bilər. Bütün bunlara baxmayaraq, suda böyüyən bitkilər, tozlanma daşıyıcısı kimi suyu böyük bir müvəffəqiyyətlə istifadə edərlər. Çünki bu bitkilər suda bu əməliyyatları asanlıqla həyata keçirə biləcəkləri şəkildə yaradılmışdırlar. Budur bu bitkilərdən bir neçə nümunə:

 

Vallisneriya

Erkək vallisneriyanın çiçəkləri bitkinin su içində qalan hissəsində əmələ gəlir. Bunlar daha sonra dişi xüsusiyyətlərinə sahib bitkinin öz çiçəklərinə çata bilməsi üçün, gövdədən ayrılaraq sərbəst qalarlar. Çiçək sərbəst qaldığı təqdirdə, asanlıqla suyun səthinə çıxa biləcək bir şəkildə yaradılmışdır. Bu əsnada çiçək kürəşəkilli bir tumurcuq görünüşündədir. Tac yarpaqları bir-birinin üzərini örtmüş və portağal qabığı kimi çiçəyin ətrafını bürümüşlər. Bu xüsusi quruluşa malik forma, tozcuqların daşındığı hissənin suyun mənfi təsirindən qorunmasını təmin edər. Çiçəklər səthə çıxdığında, əvvəlcə bağlı olan tac yarpaqlar bir-birlərindən ayrılar və geriyə doğru qıvrılaraq su səthinə yayılarlar. Tozcuqları daşıyan orqanlar tac yarpaqların üzərində dik bir şəkildə ortaya çıxarlar. Bunlar ən zəif bir mehlə belə hərəkət edə biləcək yelkən vəzifəsini öz üzərlərinə götürürlər. Bu orqanlar bir tərəfdən yelkən vəzifəsini yerinə yetirərkən, digər bir tərəfdən vallisneriyanın tozcuqlarını da su səthindən yuxarıda saxlayarlar.

Dişi bitkinin çiçəkləri isə, suyun dibindən gələn uzun bir saplağın ucunda və su səthində yerləşər. Dişi çiçəyin yarpaqları isə su səthində cüzi bir əyilmə meydana gətirəcək şəkildə açılmışdır. Bu əyilmə erkək çiçək özünə yaxınlaşdığında, dişi çiçəyin bir cazibə sahəsi meydana gətirməsinə imkan verər. Necə ki, erkək çiçək dişi çiçəyin yanından keçərkən bu cazibə sahəsinə daxil olar və iki çiçək qovuşar. Beləcə tozcuqlar dişi çiçəyin çoxalma orqanına çatar və tozlanma hadisəsi həyata keçirilmiş olar.

Erkək çiçəyin suda olarkən örtülü olub tozcuqları qoruması, ucalaraq su səthində açması və suda asanlıqla hərəkət edə bilməsi bir forma meydana gətirməsi, üzərində xüsusi olaraq düşünülməsi lazım olan incəliklərdir. Çiçəyin bu xüsusiyyəti dəniz nəqliyyatında istifadə edilən və dənizə atıldığında avtomatik şəkildə açılan xilasetmə qayığına bənzəyir. Bu qayıqlar bir çox sənaye mühəndisinin uzun müddət davam edən ortaq fəaliyyətləri nəticəsində hazırlanmışdır. Qayığın ilkin istehsalında qarşılaşılan layihə səhvləri və dolayısilə qayığın işləməsi əsnasında baş verən ləngimələr təkrar-təkrar nəzərdən keçirilmiş, səhvlər düzəldilmiş və təkrarlanmış işlər nəticəsində işləyən doğru bir sistem əldə edilmişdir.

Bütün bu işləri vallisneriyanın vəziyyətini düşünərək nəzərə alaq: Vallisneriyanın evakuasiya qayıqlarını layihələşdirənlər kimi birdən çox ehtimalı yoxdur. Yer üzündəki ilk vallisneriyanın tək fürsəti vardır. Ancaq ilk sınaqdan keçirmədə tam mənasıyla müvəffəqiyyətli olan bir sistemin istifadə edilməsi sonrakı nəsillərə yaşamaq imkanı yaradacaq. Ləngiyən bir sistem isə dişi çiçəyi tozlandıra bilməyəcəyindən, bu bitki heç vaxt çoxalmayacaq və yer üzündən silinib gedəcəkdi. Göründüyü kimi vallisneriyanın tozlanma strategiyasının mərhələli şəkildə meydana gəlməsi qeyri-mümkündür. Bu bitki suda tozcuqlarını göndərə biləcəyi quruluşuyla birlikdə yaradılmışdır.(22)

 

Halodule

Heyranedici tozlanma strategiyasına sahib başqa bir su bitkisi də Fici adalarının qumlu sahillərində bitən haloduledir. Bu bitkinin tozcuq daşıyıcıları uzun üzən iplik formasındadır və suyun içindən səthə doğru uzanırlar. Bu quruluş haloduleyə valisneriadan belə daha çox hədəfə çatma imkanı verir. Həmçinin bu ipin quruluşunda olduqca xüsusi karbohidrat və zülal təbəqələri vardır. Bu xüsusi quruluş da halodulelerin yapışqan olmalarını təmin etmişdir. İpliklər su səthində bir-birinə yapışmaqla uzun üzən kütlə əmələ gətirərlər. Bitkiyə aid bu cür milyonlarla axtarış vasitəsi, qabarma və çəkilmələrin köməyi ilə dişi bitkilərin olduğu dayaz sulara doğru hərəkət edirlər. Bu axtarış vasitələrinin bir-biriylə toqquşması nəticəsində mayalanma əməliyyatı asanlıqla baş verər.(23)

 

 

Thalassia

Bura qədər tozcuqları su səthində daşınan bitkilərdən bəhs etdik. Bu vəziyyətdə tozcuqların hərəkəti iki ölçülüdür. Bəzi bitkilərdə isə çoxalma sistemi üç ölçülü olaraq işləyər. Üçüncü ölçü suyun içidir.

Su altında həyata keçirilən tozlanma strategiyaları, su səthində həyata keçirilənlərdən daha çətindir. Çünki üç ölçülü tozlanmada tozcuqların hərəkətindəki kiçik bir dəyişiklik belə nəticəyə daha çox təsir edər. Bu səbəblə də bir tozcuğun su içində olarkən dişi orqanı tutması, su səthində olarkən tutmasından xeyli çətindir.

Buna baxmayaraq, Karaib Adalarından St. Croixdə bitən "thalassia" bitkisi həyatını daim su altında keçirir. Çünki thalassia bu çətin görünən mayalanma şərtlərini asanlaşdıracaq bir tozlanma strategiyasına sahib olaraq yaradılmışdır. Thalassia yumru tozcuqlarını uzun yapışqanlı ipliklərlə əhatələnmiş vəziyyətdə suyun altına buraxar. Su altında üzən və dalğalar tərəfindən istiqamətini dəyişdirən bu ipliklər, dişi çiçəklərin çoxalma orqanlarına ilişməklə çoxalmanı təmin edərlər.(24)

Thalassia və halodulenin tozcuqlarını nazik iplik paketləri şəklində göndərmələri ilə axtarış vasitələrinin daradığı sahə daha da böyüdülmüş olar. Şübhəsiz ki, bu ağıllı plan, həm su bitkilərini, həm də onların suda tozlanma strategiyalarını yaradan və hər cür yaratmadan xəbərdar olan Allahın əsəridir.

 

O, göyləri görə biləcəyiniz bir dirək olmadan yaradıb saxlamış, yer sizi silkələməsin deyə, orada möhkəm dağlar yaratmış və ora cürbəcür canlılar yaymışdır. Biz göydən yağmur yağdırıb orada hər gözəl növdən bitkilər bitirdik. Bunlar Allahın yaratdıqlarıdır. İndi siz mənə göstərin görüm, Ondan başqaları nə yaradıblar. Xeyr! zalımlar açıq-aydın azğınlıq içindədirlər.

 (Loğman surəsi, 10-11)

---

2. Solomon, Berg, Martin,Villee, Biology, A.B.D, Salinder College Publishing, səh.744-745

3. Malcolm Wilkins, Plantwatching, New York, Facts on File Publications, 1988, səh. 164

4. Malcolm Wilkins, Plantwatching, New York, Facts on File Publications, 1988, səh. 164

5. Malcolm Wilkins, Plantwatching, New York, Facts on File Publications, 1988, səh. 9

6. Bilim ve Teknik Dergisi, May 1995, səh. 74

7. Solomon, Berg, Martin,Villee, Biology, A.B.D, Salinder College Publishing, səh.583

8. Bilim ve Teknik Dergisi, May 1995, səh. 76

9. Bilim ve Teknik Dergisi, May 1995, səh.77

10. John King, Reaching for The Sun, 1997, Cambridge University Press, Cambridge, səh.152

11. John King, Reaching for The Sun, 1997, Cambridge University Press, Cambridge, səh.150

12. Bilim ve Teknik Dergisi, Fevral 1988, səh.22

13. John King, Reaching for The Sun, Cambridge University Press, Cambridge, səh.148-149

14. David Attenborough, The Private Life of Plants, Princeton University Press, Princeton, New Jersey, səh.128

15. David Attenborough, The Private Life of Plants, Princeton University Press, Princeton, New Jersey, səh.130

16. Malcolm Wilkins, Plantwatching, New York, Facts on File Publications, 1988, səh.143

17. Guinness Publishing, The Guinness Encyclopedia of the Living World, Italya, 1992, səh.42-43

18. Robert, R.Halpern, Green Planet Rescue, A.B.D, The Zoological Society of Cincinati Inc., səh.26

19. David Attenborough, Yaşadığımız Dünya, İnkılap Kitabevi, İstanbul, 1985, səh.58

20. Scientific American, October 1993, səh.68

21. Scientific American, October 1993, səh.69

22. Scientific American, October 1993, səh.70-71

23. Scientific American, October 1993, səh.70

24. Scientific American, October 1993, səh.71